Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Aslan İsmayılov: “Müstəqilliyimiz təhlükədədir”

1 177
Paylaş:
Aslan İsmayılov: “Müstəqilliyimiz təhlükədədir”

Dağıstanda baş verənlərin təxribat, böyük oyunun başlanğıcı olması barədə yazıb vətəndaşlarımızı xəbərdar etmişdim. Hamını səbrli və ehtiyatlı olmağa çağırmışdım. Bir neçə saat bundan əvvəl isə sərhəddə döyülüb yerlə sürüklənən vətədaşlarımızın qanına qəltan edildikləri epizodu gördüm. Bu qədər də olmaz, buna heç bir səbr dözməməlidir. Rusiya hüquq-mühafizə orqanlarının davranışı vəhşilikdən, qudurğanlıqdan başqa bir şey deyil və nə olursa olsun reaksiyasız qoymaq olmaz.

Hakimiyyət Dağıstanda baş verən olaya hökmən sərt münasibət bildirməli və o vəhşiliyi törədənlərin cəzalandırılmasına nail olmalıdır. Bilirəm ki, sonuncu olmayacaq, çünki bunu edən elə Rusiya hakimiyyətidir, əks halda artıq bu barədə məlumat yaymışdılar. Yayılan məlumat isə odur ki, hadisədə iştirak edən 400-ə yaxın vətəndaşımızdan artıq 100-ü həbs edilibdir. Əgər 100 nəfər cinayət törədibsə ən azından 50 nəfər polis əməkdaşı da xəsarət almalı idi. Bu isə yoxdur. Demək məqsəd Azırbaycanda vəziyyəti qarışdırmaqdır. Bilirəm ki, bu gün Rusiya əvvəlkindən də təhlükəlidir. Ancaq elə məqamlar var ki, susmaq alçalmağa bərabərdir, qorxaqlıqdır. Bunu isə etmək olmaz!

Bununla yanaşı hansı çətinliklər bahasına olsa da hakimiyyət sərhəddə yığışmış vətəndaşlarımızı təcili ölkəyə gətirməli və sərhəddə yaradılacaq düşərgələrdə yerləşdirməlidir. Bu olmasa demək biz Dövlət deyilik və sabah bu Dövlətin müdafiəsini vətəndaşımızdan tələb etmək haqqımız da olmayacaq.

Bir daha bildirirəm ki, müstəqilliyimiz təhlükədədir və getdikcə bu təhlükə böyüyəcək. Ona görə də bu gün hakimiyyətin, yaxud müxalifətin yox, hamımız Dövlətin yanında olmalıyıq. Əks halda tarix bunu bizə bağışlamayacaq.

Buradan Rusiyanın Azərbaycandakı səfirliyinə də müraciət edirəm. Həyatımın 15 ilini Rusiyada yaşadım, həmişə, elə bu gün də rus xalqına yaxşı münasibətim olub, Qarabağa görə Rusiya hakimiyyətinə isə pis münasibətim olub və olacaq. Bu gün gördüklərimdən sonra isə bu, artıq nifrət səviyyəsindədir. Qonşuları ilə belə münasibətlər quran nə Rusiya hakimiyyətinin, nə də Rusiya Dövlətinin yaxşı sonunu görmürəm.

Aslan İsmayılov

Hüquqşünas

Paylaş:

Ən son xəbərlər