“Bilirdim ki, koronavirusa yoluxan şəxs dad və qoxu hissini itirir. Səhər işə gedirdim. Duş qəbul etdim, geyindim, üzərimə ətir püskürdüm. Ətirin qoxusunu hiss etmədim. Özümü yaxşı hiss edirdim. Hətta bir anlıq zənn etdim ki, vurduğum ətir zaydır, yeni deyil.
Qoxu hissini itirdiyimi anladım. Səhər yeməyini yedim. Anladım ki, dad hissimi də itirmişəm. Həkim çağırdım. Koronavirus testindən keçdim. Testin nəticəsi müsbət oldu.
Hərarətim olmadı. Kürəyim və bədənim ağrıyırdı. Antibiotik içdim, sağaldım. Əsas məsələ başqalarına bu virusu yoluxdurmamaqdır. Hamıdan təcrid olunmuşdum. Evdə uşaqlar yox idi. Mənimlə yaşayanların hamısını ətrafımdan uzaqlaşdırdım. İki həftə tək qaldım.
Bu, mənim üçün yeni təcrübə idi. İki həftə ərzində özümlə yenidən tanış oldum. Bu zaman ərzində anladım ki, uşaqlarımla daha çox vaxt keçirib, daha az turnelərə çıxmalıyam.
İldə 100-ə qədər konsert verirəm. Bu, kifayət qədər sıx cədvəldir. Turnelərin sayını azaltmağın zəruriliyini başa düşdüm. “Jara” beynəlxalq musiqi festivalı 10 ölkədə keçiriləcək. Şənliklərin əksəriyyəti 2021-ci ildə baş tutacaq. Festivalla bağlı böyük planlarımız var”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarov “YouTube”da yayımlanan “Alyona blin!” şousunun qonağı olarkən deyib.
Bir müddət öncə ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrıldığını sosial media hesabında bildirən sənətçi saysız-hesabsız müzakirələrə səbəb olan boşanma mövzusuna aydınlıq gətirib:
“Həyat yoldaşım Alyona Qavrilova ilə özünütəcriddən əvvəl ayrılmışdım. “Instagram”da həmin paylaşımı etdiyim vaxt artıq Alyona ilə birlikdə yaşamırdım. Ayrılmağımızın səbəbləri barədə danışmaq istəmirəm. Çünki çox özəldir. Biz pozitiv notlarda ayrıldıq. Övladımızın olduğunu tam dərk edirik. Uşağımız üçün yaxşı valideyn olmaq istəyirik. Qızımızın hər hansı münaqişə və ya anlaşılmazlıq olduğunu hiss etməməsi üçün bir növ təmasda qalmaq istəyirik. Ayrılmaq qərarının kim tərəfindən irəli sürüldüyünü demək istəmirəm. Qəbul edildi və həyata keçirildi”.
Aparıcının “Alyona ilə ayrıldığınızdan sonra adınız bir çox məşhur xanımlarla - müğənni Polina Qaqarina, Zivert və teleaparıcı Yuliya Baranovskaya ilə çəkildi” sözlərinə Xalq artisti “Bir çox həmkarım zəng edib dedi ki, indi müğənni Polina Qaqarina ilə bir yerdəsən (gülür)” cavabını verib və fikirlərini belə davam etdirib:
“Cavab olaraq dedim ki, bir həftədə iki ulduz cütlüyün ailəsi dağılırsa (müğənni Polina Qaqarinanın həyat yoldaşı, fotoqraf Dmitri İshakovdan ayrıldığı barədə xəbərlər yayılıb - red.), bu, o demək deyil ki, onlar birlikdə olmalıdırlar. Polina ilə bir yerdə deyilik. Sosial şəbəkədə televiziya aparıcısı Yuliya Baranovskaya ilə evli olduğumu oxudum. Yuliya ilə yalnız dostam. Zivert əla müğənnidir. Onunla həyatda iki dəfə görmüşük.