2023-cü il fevralın 2-də Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Rövşən Əliyev 1975-ci il təvəllüdlü keçmiş həyat yoldaşı Vüsalə Əliyevaya bıçaq xəsarətləri yetirib.
Hadisə Qara Qarayev prospekti 85, mənzil 21-in qarşısında baş verib. Həmin gün Rövşən Əliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Vüsalə Əliyevanın boynunda, çiynində, kürəyində, üz arteriyasının zədələnməsi ilə müşayiət edilən sağ yanağında bıçaq yaraları aşkar edilib.
İstintaqla müəyyən edilib ki, Rövşən Əliyev keçmiş arvadı Vüsalə Əliyeva ondan boşandığına və barışıqdan imtina etdiyinə görə yaşadıqları mənzilə gəlməyə icazə verməyib. Bu səbəbdən aralarında dəfələrlə baş vermiş mübahisələrlə əlaqədar qisas niyyəti ilə keçmiş həyat yoldaşını öldürmək qərarına gəlib.
Qeyd edək ki, hadisə zamanı övladı Nurcan Əliyeva araya girib anasını müdafiə etmək istəyərkən, əlləri və qolları yaralanıb. Buna baxmayaraq, ana və qızı özlərini itirməyiblər. Vüsalə Əliyeva Rövşən Əliyevə qarşı aktiv müqavimət göstərib, qızı Nurcan isə onu itələyərək, pilləkənlərdən yerə yıxıb. Daha sonra Vüsalə Əliyeva mənzilə girərək, arxadan qapını bağlayıb.