İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz şans oyunlarına təşviq edənlərə qarşı geniş əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Öz açıqlamasında Sərdar Ortaç bu əməli ilə cəmiyyətə mənfi təsir göstərdiyini etiraf edib: “Bəlkə də fərqində olmadan insanlara pis nümunə oldum və cəmiyyətə yanlış örnək göstərdim.” Bu sözlər məşhurların təsir gücünün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Qanunsuz şans oyunlarına qarşı görülən bu tədbir, Türkiyədə olduğu kimi Azərbaycanda da oxşar problemlərin mövcud olduğunu gündəmə gətirir.
Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz şans oyunlarının reklamında iştirak edir.
İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslərin sosial media vasitəsilə bu cür oyunları təbliğ etməsi, qanunsuz fəaliyyətlərə təkan verir və vətəndaşların aldanmasına şərait yaradır.