Baş nazir Əli Əsədov “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan başqa, Dövlət Turizm Agentliyi İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Siyəzən Rayon İcra Hakimiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədi və mühafizə zonasına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmçinin, Dövlət Turizm Agentliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimi barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.