Neftçala rayonu Xolqaraqaşlı kənd bələdiyyəsində gərginlik yaranıb. Bələdiyyə üzvü Vəfa Nağı deyir ki, qurumun sədri Əlibala Səlimov onun həm üzvlükdən, həm də ümumiyyətlə kənddən çıxartdırmaq istəyir. Vəfa Nağının müsahibəsini təqdim edirik:
- Təmsil olunduğunuz Xolqaraqaşlı kənd bələdiyyəsinin sədri Əlibala Səlimovla aranızdakı münaqişənin kökündə nə dayanır?
- Mən bələdiyyə üzvü olaraq seçicilərimin haqqını qorumağa çalışıram. Qeyri-qanuni əməllərə qarşı çıxmağa çalışıram. Axı mən bələdiyyə üzvüyəmsə, seçicilər mənə etimad göstərib səs veribsə, hansısa qeyri-qanuni əmələ necə susa bilərəm?! Xolqaraqaşlı kənd bələdiyyəsinin tərkibi sədr də daxil 9 nəfərdən ibarətdir. Digərləri qanunsuzluqlara susur. Çünki saxta yollarla seçiliblər. Mən isə seçicilərimin səsi ilə bura seçilmişəm. İndi də borcumdur ki, onların hüquqlarını qoruyum. Bu isə bələdiyyə sədrinin xoşuna gəlmir.
- Bələdiyyənin büdcəsi ilə bağlı hesabat tələb etmisiniz. Sizdə büdcənin səmərəsiz xərclənməsi, yaxud hər hansı korrupsiya əməliyyatı ilə bağlı konkret faktlar varmı?
- Bəli. Mən sədrdən bələdiyyənin büdcəsilə bağlı hesabat tələb etmişəm. Bu həm vətəndaş, həm də bələdiyyə üzvü kimi mənim haqqımdır. Hər bir vətəndaşın, yaxud bələdiyyə üzvünün bunu tələb etməsi Konstitusiya ilə təsbit olunub. Yəni, fundamental hüquq hesab edilir. Amma bu hüququmu pozurlar. Hesabat vermirlər. Çünki yeyinti var, saxtakarlıqlar var, əlaltından satılan torpaqlar var və s. Bütün bunları ört-basdır etmək üçün bələdiyyənin büdcəsinin xərcləri gizlədilir. Hesabat verilmir.
- Bələdiyyə sədri sizin çimərlik geyimindəki fotolarınızı rayon ərazisində yayıb. Bununla bağlı harasa müraciət etmisinizmi və bir nəticə olubmu?
- Hər kəsin özəl həyatı var. Hər kəs çimərliyə gedə bilər, kafedə, restoranda otura, əylənə bilər. Biz bilmirik ki, Əlibala Səlimov necə əylənir. Heç bilmək də istəmirik, bu, bizi maraqlandırmır. Bizi maraqlandıran onun bələdiyyə sədri kimi fəaliyyətidir. O isə bələdiyyə üzvü fəaliyyətimdən narahat olaraq çimərlik paltarında fotolarımı yayıb, məni əxlaqsız kimi təqdim etmək istəyir. Bu artıq şərəfsizlikdir. Odur ki, bu əməlinə görə cəzalandırılmalıdır. Bu adam istəyir ki, barəmdə mənfi rəy yaratmaqla məni kənddən çıxartdırsın. Mən baş verənlərlər bağlı DİN-nin “102 xidməti”nə zəng vurmuşam. Deyirlər məsələ araşdırlır. Amma mən buna da şübhə ilə yanaşıram.