Lent.az hamının "Tamara", "Niqulya xanım" kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşlidən müsahibə alıb.
Pravda.az həmin müsahibəni təqdim edir:
- Kəmalə xanım, istəyirəm öncə sizi tamaşaçılarınıza yaxından tanıdaq.
- Məni çox adam rayonlu bilir. Çünki rayon toylarından həddən çox dəvət alıram. Şirvan, cənub zonası mənə baxır (gülür), bakılıyam. Yasamalda anadan olmuşam. Atam “Sovetski”də, anam Türkanda doğulub. 7 yaşım olanda Günəşliyə köçmüşük. 30 ildir orada yaşayıram. Ona görə Günəsli təxəllüsünü götürmüşəm. Səhnəyə ilk çıxanda sadəcə Kəmalə adı ilə çıxırdım. Amma düzünü deyim, lap belə pulunu verib efirlərə çıxsam da, tanınmırdım. Uşaqlıqdan oxuyuram. Anam toy müğənnisi idi, indi uzaqlaşıb. Tam musiqi təhsilim olmasa da, təhsilsiz də deyiləm. Musiqi dərsləri almışam. “Tamara” mahnısı ilə ulduzum bir gecədə parladı. Bu gün oxudum, səhər oyananda gördüm məşhuram. Ondan sonra da heç kim adımı demədi, elə hamı Tamara deyir.
- Bir də Niqulya xanım deyirlər axı sizə.
- (Gülür). Hə, ölkədə yeganə müğənniyəm ki, prodüserim məni yox, mən prodüserimi məşhurlaşdırmışam, onun adı ilə tanınıram. Nigar xanımla bir neçə ildir birlikdəyik. Bu ideya məndən gəldi, dedim çəkək. Hər dəfə ona videoçarxda “Niqulya xanım” deyə müraciət edirəm. Çox bəyənildi, başladılar mənə Niqulya deməyə. Atam-anam qoyan ad qalıb kənarda, Tamara deyirlər, Niqulya deyirlər. Tamara məni haralara aparmadı. “O qara qıza zəng elə”, sonra “Çini çaydan” mahnılarım trend oldu.
- “Tamara”nı özbəklərdən götürüb özəlləşdirmisiniz. Müəllif hüquqları davasına düşmədiniz?
- Yox. “Tamara”nın melodiyasını eşitmişdim, özüm ona söz yazdım, Sabirabadda məclisdə oxudum. Məndə mahnıya bədahətən söz qoşmaq, xiridarlıq var. Bu qabiliyyət hər müğənnidə olmasa da, peşəkarlarda var. Hansısa mahnını “oxu” deyirlər, sözləri bilmirəm, bayatılar qoşub oxuyuram, “bilmirəm” demirəm. “Tamara”ya görə, etmədiyim toylara, ölkələrə, məclislərə getdim, pullar qazandı. Özbək mahnılarını məndən əvvəl də oxuyanlar olub. Həmişə onlar bizdən oxuyublar, indi biz onlardan.
- Xəbəriniz varsa, indi sosial şəbəkələrdə Həmail adlı bir xanım sizi parodiya edir, mahnılarınızla məclislərə gedir?
- Xəbərim var, o müğənni deyil, blogerdir, dostumuzdur. Bir məclisə çağırmışdı, gedə bilmədim. O da mənim kimi geyinib, fonoqramımı qoyub mənim yerimə oxumağa başlayıb. İndi o da olub Kəmalə Günəşli (gülür).
- İzləyicilərinizə çox maraqlıdır, sizin sponsorunuz var?
Azərbaycanda yeganə müğənniyəm ki, öz hesabıma irəli getmişəm. Nə “həcim” var, nə sponsorum. Hansısa həci mənə maşın almayıb, yaxın günlərdə doğum günüm oldu, özümə bir ev, bir də avtomobil hədiyyə etdim.
- Ailəlisiniz?
- Bəli. Həyat yoldaşım da musiqiçidir. İkinci dəfə ailə qurmuşam. Gözəl ailəm var. Məni anlayır.
- Toylara gedir sizinlə?
- Çox zaman hər yerə Niqulya ilə gedirəm.
- Övladlarınız var?
- Bəli var. Əsgər anasıyam. Bir də qızım var.
- Toya neçəyə gedirsiz? Hamı üçün əlçatansınız bu mənada?
- Kasıb-kusubu nəzərə alan müğənniyəm. Toy qiyməti demirəm. Dağına baxıb qar yağdırıram. Ürəyi məni istəyir, dediyim qonorara gücü yetmirsə, deyirəm bu qədər məbləğə 15 dəqiqəlik gəlib oxuya bilərəm. İstəmirəm qəlbi qırılsın.
- Yarım saatlıq toy oxumaq daha çox sərf edir müğənnilərə. Bir gündə ən çox neçə toya getmisiniz?
- Bakıda olub ki, bir günə ayrı-ayrı 7 məclisə getmişəm. Hamısını da razı salmışam.
- Bəs aldığınız qonorardan əlavə əlinizə verilən o şabaşlar nə qədər olur təxminən?
- Elə olub ki, 2-3 min manat olub. Məsələn dünənki məclisdə əlimdə 1500 manat var idi.