2024-cü il üzrə Azərbaycanın boşanma statistikası artım göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 2 ayında 6,739 nikah və 3,456 boşanma qeydə alınıb. Hər 1,000 nəfərə düşən nikahların sayı 4.6-dan 4.0-a düşüb, boşanmalar isə 1.8-dən 2.1-ə yüksəlib.
Azərbaycan üçün son illərdə boşanmalarla bağlı statistik məlumatlar qadınların daha çox müraciət etdiyini göstərir.
Bəs niyə ən çox qadınlar boşanmaq üçün müraciət edir? Bu nə ilə bağlıdır? Məsələni yenisabah.az-a şərh edən psixoloq Vüsalə Rüstəm bildirib ki, qadınların yaxın keçmişdə ailə ilə bağlı anlayışları tam fərqli idi:
“Valideynlər övladını ər evinə yola saldıqda artıq hərəkət etmə, başımızı aşağı əymə və sən nə edirsən et bil ki, oradan (ər evindən) ancaq ağ kəfəndə çıxa bilərsən deyirdilər. Bu sözlər qadının çiyninə ailə məsuliyyətini yükləyirdi. Nənələrimiz isə hər zaman "yuvanı dişi quş düzəldir" deyərdilər. Boşanmış qadın ifadəsi hər kəs üçün çox ağır ifadə sayılırdı. İndi isə mənzərə çox fərqlidir. Qadınlar ailədə olan kiçik bir anlaşılmazlığa belə davam gətirmir, qarşı cins isə "mən boşanıram" deyən qadını bu fikirdən uzaqlaşdırmaq üçün isə heç bir iş görmür. Sadəcə “boşanırsan, boşan” deyərək sakitcə baş verənləri izləyirlər. Ailə və rəfiqə çevrəsindən mənəvi dəstək alan çox qadın asanlıqla bu addımı atır. Boşanarkən övladının hansı psixoloji çətinliklərlə qarşılaşacağı belə çoxunun vecinə olmur. Dağılmış ailələrdəki uşaqların çoxu travma alır, gələcək ailələrində də eyni problemləri yaşayırlar”.