Azad Rəhimovun oğlunun adı 400 min manatlıq yeyinti işində - pullara o nəzarət etməli imiş...
“Formula-1" yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi ictimaiyyətin diqqət mərkəzindədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən son prosesdə iki şahidin məcburi gətirilməsi barədə qərar qəbul edilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizat şöbəsinin müdiri Zaur Məlikaslanovdur, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə müdirinin müavini Urfan Tağızadədir.
Çingiz Mehdiyevin vəkili Araz Hüseynli bildirib ki, Zaur Məlikaslanovun məhkəmədə dindirilməsi vacibdir. Vəkil deyib ki, həmin şəxsin ifadəsi ittihamın mahiyyəti üçün əsasdır. Hakimlər qərarın icrası üçün tədbir görəcəklərini deyiblər.
Daha sonra Çingiz Mehdiyevin vəkili mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olmuş Arif Rəhimovun əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Vəkil qeyd edib ki, Arif Rəhimov dövlətin ayırmış olduğu pulun xərclənməsinə nəzarət etməli idi, amma bu işini görməyib. Vəkil deyib ki, Arif Rəhimov bu işdə məsuliyyətli şəxs olub, amma işə nəzarət etməyib.
Dövlət ittihamçısı Orxan Səmədov deyib ki, Arif Rəhimovun işinə istintaq orqanı baxıb qiymət verməlidir. Onun sözlərinə görə, hazırda məhkəmədə Çingiz Mehdiyevlə bağlı işə baxılır: “Buna görə də Arif Rəhimovun dindirilməsinə əsas görmürəm. Amma bizim üçün fərqi yoxdur, məhkəmə çağırsa, gəlsin ifadə versin”.
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanılıb. Hakimin səsləndirdiyi sənədlərdən məlum olur ki, istintaq orqanı tərəfindən Arif Rəhimov və Fərid Allahverdiyevin barəsində olan cinayət işinin başlanması rədd olunub.
Məlum olub ki, həm Arif Rəhimov, həm də Fərid Allahverdiyevin barəsində verilən ittihamlar istintaq dövründə sübuta yetirilməyib.