Xəbər verdiyimiz kimi, Formula 1-ə ayrılan pulları mənimsəmə ittihamı ilə mühakimə olunan Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovu məhkəməyə çağırır. "Qafqazinfo” A. Rəhimovun bu cinayət işi üzrə istintaq başlayan vaxt prokurorluqda müstəntiqə nə danışdığını öyrənib.
Əvvəlki yazılarımızdan birində A.Rəhimovun bu iş üzrə dindirilməsi barədə qısa məlumat versək də, məhkəmə istintaqı başlamadığı üçün əlavə nə isə qeyd edə bilməmişdik. A. Rəhimov "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəhbəri olub. Hazırda 400 min manat yeyintidə təqsirləndirilən Çingiz Mehdiyev isə şirkətin şöbə rəisi işləyib. Sonuncunun vəkili məhkəmə istintaqının sonuna yaxın bütün kartları açıb. Müdafiəçi şirkətin rəhbərinin şahid qismində tanınmamasına etiraz edib, "Formula 1-in təşkili üçün 150 milyon ayrılır. Arif Rəhimov da dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi” deyib.
A.Rəhimov isə istintaqa ifadəsində bildirib ki, işçisinin yeyintisindən, xaricə köçürmələr etməsindən xəbəri olmayıb: "Biz işə qoşulanda yarışların başlanmasına 8 aydan az vaxt qalmışdı. Bu səbəbdən işlərin icrasına təxirə salınmadan başlanılması və qısa müddət ərzində başa çatdırılması üçün Gənclər və İdman Nazirliyinə tapşırıq verildi. Müstəsna hal kimi, Formula 1 Avropa Qran Pri yarışlarının təşkili ilə bağlı satınalma predmetinə aid olan bütün işlərin satınalınması məqsədilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla birbaşa müqavilə bağlanmasına icazə verildi. Bu səbəbdən "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin İdman şöbəsinə lazım olan mallarla bağlı həmin şöbənin müdiri işləyən Çingiz Mehdiyev sifariş verdi. Həmin sifariş əsasında Təchizat şöbəsinin rəisi işləmiş Zaur Məlikaslanov tərəfindən malların təchizi ilə bağlı "Dayton İnvestments LTD” adlı şirkətin verdiyi təkliflər uyğun olduğundan müsbət qiymətləndirilərək həmin şirkətlə müqavilə bağlanıldı”.