Baş Prokurorluq tərəfindən iqtisadi sahədə qanunvericiliyin tələblərinə riayət olunması, gömrük işi sahəsində şəxslərin hüquqlarının qorunması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq müvafiq tədbirlər görülür.
Bu tədbirlərin davamı olaraq qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan Respublikası vətəndaşları - “Karvan 313” və “Tvins” məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, qeyd edilən qanunsuz əməllərin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə halların baş verməsinə laqeyd münasibət göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.