Bakının Yasamal rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Türkiyə vətəndaşı, 19 yaşlı Furkan Halvalı dünyasını dəyişib.
Videogörüntüdə ağ rəngli taksi avtomobilinin motosiklet sürücüsünü sıxışdıraraq aşırdığı və gəncin yıxılan zaman başının bordürə dəydiyi əks olunub. Bildirilib ki, yıxılan gənc həyatını itirib.
Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
"Türkiyə Respublikası vətəndaşı Furkan Halvalının motosiklet qəzasında həyatını itirməsi faktına görə başlanan cinayət işi nəzarətə götürülüb. Hazırda cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsində istintaq hərəkətləri aparılır, iş üzrə ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun qərar qəbul ediləcək", - deyə açıqlamada bildirilir.