Ağcabədi rayonunda 1992-ci il təvəllüdlü Xəlil mübahisə zamanı qardaşı arvadı Səidəni (adlar şərti verilib - red.) qətlə yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xəlil qardaşı arvadı Səidənin qonşuluqda yaşayan həmkəndlisi Camalla sevgi münasibəti saxladığına əmin olub.
Bundan sonra o, Səidəni öldürmək qərarına gəlib. 2 may 2024-cü ildə saat 14 radələrində Bakı şəhərindən Səidənin həmin vaxt yaşadığı atasına məxsus Ağcabədi rayonunun kəndindəki evinə gəlib. Yataq otağında təklikdə olan Səidənin üzərinə hücum edib, bir əli ilə onun saçından tutub, digər əlindəki bıçaqla boyun nahiyəsinə bir neçə dəfə vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı Seymur həyat yoldaşı Səidə və uşaqları ilə Ağdam rayonunun kəndində yaşayıblar: "Mən isə Bakının Qala qəsəbəsində anam, arvadım və azyaşlı qızımla yaşamışam.
2024-cü ilin martında Bakı şəhərində anamın mobil telefonunda "Whatsapp" mobil tətbiqində olan mesajlara baxarkən qardaşım Seymurun anama atdığı səsli mesajlara qulaq asdım. Mesajlar bir qadın tərəfindən göndərilmiş, Seymur da həmin səsli mesajları anama yönəltmişdi.
Qadın qardaşım arvadının onun bacısının ailəsini dağıtdığını iddia edir, elə qadını evində nə üçün saxladığını, qürurunun, kişiliyinin olmadığını söyləyirdi.
Qardaşıma zəng edərək səsi göndərən qadının kimliyini və mesajda dediklərinin doğru olub-olmadığını soruşdum. Seymur bildirdi ki, mesajı ona kənddə qonşuluqda yaşayan Camalın baldızı göndərib, mart ayında Camalın arvadı onun evinə gələrək Səidə ilə mübahisə edib, əri Camalla Səidənin münasibəti olduğunu, ərindən əl çəkmədiyini söyləyib".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qardaşı Seymurla Səidə arasında mübahisə yaranıb:
"Seymur Səidədən bu barədə soruşduqda, o, Camalın arvadının danışdıqlarının böhtan olduğunu bildirib. Seymur isə mübahisə edərək arvadını atasının Ağcabədi rayonunun kəndindəki evinə aparıb və boşanacaqlarını bildirib. Uşaqlar Seymurun evində qalıblar.
Səidə bir neçə gün atası evində qaldı. Lakin bir müddət sonra Seymur bacanağı Əlinin məsləhəti ilə arvadıyla barışdı və Səidə öz evinə qayıtdı. Mən Səidə ilə telefonla danışaraq məsələni araşdıracağımı, əgər deyilənlər doğru olarsa, onun başını kəsərək öldürəcəyimi dedim. Səidə yenə Camalla heç bir münasibəti olmadığını bildirdi".
Xəlilin ifadəsinə görə, hadisədən 3-4 gün əvvəl qardaşı Seymurla telefonda danışıb, bu zaman Seymur ağlayaraq ona bildirib ki, arvadı Səidənin telefonda Camalla danışmasını eşidib. Səidə Camalın adını mobil telefonuna "Günay 4" kimi yazıb və onunla sevgi münasibətinin olduğunu etiraf edib: "Qardaşım Səidənin yenidən atası evinə getdiyini və onunla boşanmalı olduqlarını söylədi.
Qardaşım arvadının Camalla intim münasibətdə olmasına məndə tam əminlik yarandıqdan sonra ailəmizin namusuna ləkə gətirdiyinə görə onu öldürmək qərarına gəldim.
Ağcabədi rayonunun kəndinə gedərək atası evində qalan Səidəni öldürmək üçün mayın 1-də axşam saatlarında Qala qəsəbəsində yerləşən "Evkur" ticarət mərkəzindən bir cib bıçağı aldım. Mayın 2-də saat 8 radələrində evdən çıxaraq avtovağzala getdim, Ağcabədi rayonunun kəndinə yola düşdüm.
Səidənin atasının evinin yaxınlığına taksidən düşdüm. Həyətə daxil olanda orada heç kim yox idi. Evin qapısını açdım, otaqlara baxdım. Səidəni yataq otağında gördüm. Bıçağı kəmərin altından çıxardım. Səidə məni görən kimi yerindən qalxaraq pəncərəyə tərəf qaçmağa çalışdı. Onun üstünə hücum çəkdim, sol əlimlə saçından tutaraq bıçaqla boğazının həm sağ, həm də sol nahiyəsinə bir neçə dəfə vurdum. Səidə yerə yıxılaraq xırıldamağa başladı".