Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) ilə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xamiz Süleymanov bildirib ki, "Atabank"da çalışıb və Zahid Niftəliyevi tanımayıb.
"Mən heç bir müştərini görməmişəm. Pulu da mən ayırmamışam. Zahid Niftəliyevlə heç bir əlaqəm olmayıb, inkassatorda çalışmışam. Qardaşım Xəyyam kassada işləyib. Mənim işim pulların sayılması və bankomatlara yüklənməsi olub", - X.Süleymanov qeyd edib.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyi üçün elan olunub.
Xamiz Süleymanov istintaqda ifadəsində bildirib ki, bankın zirzəmisində çalışıb: "Zirzəmidə iki pul seyfi olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyf isə qeyri-rəsmi ayrılan pullar olub. Həmin seyf Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Kiməsə oradan pul verildisə, onu Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra eləmişəm".
Digər şahid Xəyyam Süleymanov deyib ki, təqsirləndirilən şəxs Zahid Niftəliyevi tanıyır: "Bankda xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. Çekdə 7 milyon nə qədərsə yazılmışdı, Zahid Niftəliyev də çekə imza atmışdı. Dəqiq yadımda qalmayıb. Zahid Niftəliyev özü alıb, başqa mümkün deyil kimsə alsın. Qol çəkib, özü götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, heç bir ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram. Hüquqi şəxslər şöbəsindən bilirlər ki, kassada o qədər pul var, ya yox. Yoxdusa sifariş edirik. Onun həmin məbləği nə ilə aparmasını xatırlamıram".