Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Ola bilsin ki, cəmiyyətdə xaraktersiz insanların sayı çoxalıb...” – Fazil Mustafa

1 405
Paylaş:
“Ola bilsin ki, cəmiyyətdə xaraktersiz insanların sayı çoxalıb...” –         Fazil Mustafa

Anlaşılandır, hüquqi prosedurlar başlamış deyə, hər cür tərbiyəsizliklərə əl atırlar. Biri prezidentə müraciət edir, biri Milli Məclisə. Əlbəttə, kimə, hara istəsələr müraciət edə bilərlər, mövqeyimiz də, duruşumuz da həmişəki kimi sağlamdır, ardıcıldır. Qaragüruhçu zehniyyətin önündən də qaçmadıq, bundan sonra da Allahın izni ilə qaçmayacağıq. Söylədiyim hər bir sözün öz təsdiqini tapacağını qısa bir vaxtda görəcəksiniz. Ola bilsin ki, bu cəmiyyətdə xaraktersiz insanların sayı çoxalıb, ancaq mən imkan verməyəcəyəm ki, bu məmləkətdə onun ordusunda xidmətdən cinsi oriyentasiyasını bəhanə edərək imtina edənlər söz sahibi olsun. Çünki bu ölkədə minlərlə şəhid ailəsi var, minlərlə Qarabağ qazisi var, düşünün ki, hər biri haçansa ordudan yayınmağı ağlının ucundan keçirsəydi, bu məmləkətin daşının üstündə daş qalmazdı. Onlar ordudan yayınmadığına görə şəhid olublar, qazi olublar. Sən durub rəsmi qaydada Azərbaycan ordusunda xidmətdən imtina edəsən ki, mən bu dövlətə də, onun ordusuna da nifrət edirəm, o halda bu gün bu kimi xainlərin quyruğuna düşənlər Vətəni qoruyan övladlarımızın üzünə necə baxacaqlar? Əsassız səbəbdən Vətəni qorumaqdan imtina edənlər, qulluq etmədən yalandan hərbi bilet alanlar Türkiyə kimi cəmiyyətlərdə nəinki siyasətdən, süfrədən, həm də kənddən qovulurlar. Bizdə isə bunları yaramazlar baş tacına çevirməyə çalışırlar. Nə var, nə var beş narazının xoşuna gələn bir neçə söz söyləyib. Hətta bu kimi xainlərə tuşlanan kəlimlərimizi belə özlərinə aid edərək cavab verənlər də tapıldı. Fərq etməz, haqlı olanda tarixi ənənələrdə də belə idi ki, odun içində keçib getməlisən ki, sənə inansınlar.

Döyənə əlsiz gərək,

Söyənə dilsiz gərək,

Dərviş könülsüz gərək-

Sən dərviş olamazsan.

Yunis Əmrənin bu sözlərinin ən uyğun obrazı Azərbaycan tarixində Əbülfəz Elçibəy idi. O böyük və müdrik mücahid! Döyənə əl qaldırmadı, söyənə dil qaytarmadı, hakimiyyətə də könülsüz yanaşdı. Yəni dünya malına yanaşdığı kimi... 5 nəfərin qanına qardaş qanı kimi baxdı. Dövləti qorumaq üçün o qanı tökməyə könülsüz yanaşdı. Nəticədə dövlət milləti qoruya bilməyəcək duruma düşdü. Dövlətsiz millətin bir milyonu qaçqına çevrildi. İndi 5 nəfər cinayətkarın qanını 1 milyon arzusu gözündə qalan insanın ahı ilə eyniləşdirə biləcəksinizmi?

Döyənə əliniz olsun, söyənə diliniz olsun. Çünki bu dünyaya hamımız dərviş olmaq üçün gəlmədik. Dərvişə nə var, girər mağarada gizlənər, çiləsini çıxarar, aylarla məmləkətdən xəbəri olmaz. Məmləkət işğal olar, düşmən torpaqlarında meydan sulayar və yenidən mağaradan çıxıb fani dünyanı heç bir məsuliyyət daşımadan dolaşar.

Bizim bu millət üçün də, bu dövlət üçün də yazılmamış bir məsuliyyətimiz var. Bu dərviş məsuliyyəti deyil, vətəndaş məsuliyyətidir. Biz bu məsuliyyətdən yol alaraq vaxtı yetişəndə milləti qoruyuyacağıq ki, dövlət güclü olsun. Vaxtı gələndə də dövləti qoruyacağıq ki, millət zərər görməsin. Bu ayrılmaz bir vəzifədir. Bizlər bu milləti maarifləndirəcəyik, sağlam mühakiməyə yönləndirəcəyik, onun qaragüruhçu zehniyyətinin əsirinə çevrilməsinə yol verməyəcəyik. Bunun üçün də döyənə döyüşlə, söyənə söyüşlə cavab verəcəyik. Ancaq bu milləti qorumaq üçün onun ordusunda xidmətdən imtina edənlərin millətin adından onun dövlətinə çamur, zibil atmasına qarşı da döyüşümüz də, söyüşümüz də davam edəcəkdir.

Biz bu dünyaya dərviş olmağa gəlmədik, öz mənsubu olduğumuz millətə dövlət qurmağa və onu qorumağa gəldik.

Fazil Mustafa

Milli Məclisin deputatı

Paylaş:

Ən son xəbərlər