Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş olub.
Pravda.az xəbər verir ki, konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər barədə danışıb, son zamanlar həmkarlar ittifaqları sistemindəki yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, müasir inkişaf reallıqları və bu günün çağırışları nəzərə alınmaqla, eləcə də mütərəqqi təcrübənin tətbiqi ilə qurumun fəaliyyəti təkmilləşdirilir, rəqəmsallaşdırılmaqla yollayışların verilməsi proseduru sadələşdirilir. Artıq sanatoriya və kurort müəssisələrinin qış mövsümündə də səmərəli fəaliyyəti təmin olunur və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə verilir. Ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən Sahib Məmmədov cənab Prezident İlham Əliyevin quruma göstərdiyi dövlət dəstəyini vurğulayıb.