Əsnəmək həm insanlar, həm də heyvanlar arasında geniş yayılmış bir fenomendir. Bəzi insanlar yuxusuzluqdan, bəziləri yorğunluqdan əsnəyir. Hətta ac olanda da bu refleksin ortaya çıxdığı iddia olunur.
Bəs gün ərzində həddən artıq əsnəyən insanlarda bu əlamət hər hansısa xəstəliyin əlaməti ola bilər?
Yenisabah.az bu məsələni araşdırıb.
Belə ki, tez-tez əsnəmək bəzən sadəcə yorğunluq və ya yuxusuzluq əlaməti sayılsa da, bədənimizin daha ciddi siqnallar göndərdiyinin göstəricisi ola bilər. Uzunmüddətli və normadan artıq əsnəmənin səbəbləri arasında stress, oksigen çatışmazlığı və hətta bəzi sağlamlıq problemləri yer ala bilər.
Gərginlik və ya stress əsnasında da tez-tez əsnəmək müşahidə edilir. Bu vəziyyət, bədənin özünü sakitləşdirmək və stressin təsirlərini azaltmaq cəhdindən irəli gəlir.
Qapalı və ya havalandırılmayan mühitlərdə beynə kifayət qədər oksigen çatmadıqda əsnəmə artar. Əsnəmə vasitəsilə beyin daha çox oksigen almağa çalışır.