"30 ildir eyni evdə yaşayıram. 15 kvadratmeterlik yarızirzəmidir. Nəinki paltarlarıma nəm iyi hopub, hətta görürəm ki, öskürürəm. Səhərə qədər yatmaq olmur".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Həftənin qonağı" verilişində deyib. Aktyor səhhətində yaranan problemlərin yaşadığı evdəki şəraitsizliklə əlaqədar olduğunu deyib:
"Cavan idim, dözürdüm. İndi bədənim götürmür. Ömrümə nə qalıb ki? 1 il, 2 il, 5 il. Bir az pulum olardı, 1-2 otaqlı ev götürüb yaşayardım ki, nəm olmasın. Bu evdən canım qurtaraydı".
R.Rəhmanov ikinci həyat yoldaşı Gülbikə xanımla necə tanış olmasından danışıb:
"7 otaqlı evim var idi. Birinci həyat yoldaşımdan boşanandan 5 gün sonra təsadüfən ikinci xanımımla rastlaşdım. Dostumgilə getmişdim. Süfrədə bizə qulluq edirdi. Söz vermişdim ki, qabağıma ilk kim çıxsa, onunla da evlənəcəyəm. Həmin vaxt yox, indi aşiqəm ona. Çünki 30 ildir məni o yaşadır. Məni uşaq kimi saxlayır. Evdə arxamca gəzir".