Milla” (“AZFP Co. LTD” MMC) şirkətində yenidən kütləvi ixtisarlara başlanılıb.
Pravda.az xəbər verir ki, şirkətin işçilərinin verdiyi məlumata görə, “Milla”nın yeni rəhbərliyi işçilərin müqaviləsinin bitməsini əsas gətirərək işdən azad etdirməyə başlayıb. Həmçinin müddətsiz əmək müqaviləsi ilə çalışan işçiləri də ixtisar adıyla işdən azad etdirir.
Məlumata görə, “Milla”da əmək hüquqları kobud şəkildə pozulur. Belə ki, 1 il müqavilə işləyən işçilərlə müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda onlarla yenidən 3 aylıq müqavilələr bağlanır. Artıq 40 nəfərə yaxın işçiyə işdən azad ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Səbəb kimi də şirkətin maliyyə vəziyyətinin ağır olması ilə izah edirlər. Məlumatda bildirilir ki, “Milla”nın əvvəlki direktoru Samir Şirinovun vaxtında böyük maliyyə maxinasiyası olduğu üçün şirkətin maliyyə vəziyyəti olduqca ağırlaşıb. Artıq şirkətdə maaşların gecikdirildiyi və işçilərin ödənilməyən əmək haqlarının məzuniyyətlə əvəzlənəcəyi də redaksiyamıza çatan məlumatlar sırasındadır. Məlumatda həmçinin iddia olunur ki, şirkətin stajlı işçiləri ilə “Gilan” Holdinqə daxil olan MMC-lərindən biri ilə 3 aylıq müqavilələr bağlanılır…