Azərbaycanda xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə inandırıb, xeyli sayda şəxsin külli miqdarda vəsaitini mənimsəyən "Smart Business Group" adlı şirkətin təsisçisi Anar Tapdıq oğlu Xəlilova hökm oxunub. Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş Anar Xəlilovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, 50-yə yaxın şəxsi ABŞ və Türkiyədə ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə onları aldadıb.
Ən çox zərərçəkmiş şəxslər Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs Universitetində təhsil almaq üçün pul verən şəxslər olub.
Zərərçəkmişlərdən biri də Milli Qəhrəman Rasim Kərimovun qardaşı oğlu, muğam müsabiqəsinin laureatı Əlfəddin Kərimovdur. Belə ki, təqsirləndirilən şəxs onun və həyat yoldaşı Aşiqə Kərimovanın 85 045 manat pulunu mənimsəyib. Anar Xəlilov özünü zərərçəkmişlərə Azər Əliyev kimi təqdim edib. O, Aşiqə Kərimovanı Ondokuz Mayıs Universitetində "Güzel sanatlar" ixtisasına qəbul etdirəcəyini, həmin pula İstanbul şəhərində ev alacağına söz verib. Amma sonradan cütlük Anar Xəlilovun dələduzluq əməlinin qurbanı olduğunu anlayıb.