Əvvəllər insanlar daha çox üz-üzə görüşür, qohum və dostlarla sıx təmas qururdular. Müasir texnologiya və sosial media isə bu ünsiyyətin yerini virtual əlaqələrlə əvəz edib. Bu da bayramların əvvəlki səmimiyyətini azaldıb. Son illər bayramlar əvvəlki kimi keçmir. Əvvəl bayram olanda hər kəs sevinir, bayramın gəlişi o ərəfələrdə insanların simalarında hiss olunurdu. Ancaq indi çoxları aqresiv və üzgündür. Yəni insanlara baxanda ancaq bu duyğuları müşahidə etmək olur.
Bəs belə hal onların sağlamlığına, psixoloji vəziyyətinə necə təsir edir? Həmin durumdan çıxış yolu varmı?
Psixoloq Vüsalə Rüstəm problemin səbəblərini “Yeni Sabah”a belə izah edib:
“İndi insanlarımızın üz cizgilərində bir kədər və iztirab var. Heç kim üçün bayram maraq kəsb etmir. Bunun da öz səbəbləri var. Yaxın keçmişdə insanların qohumluq və dostluq münasibətləri daha gözəl idi. İndi hər kəs təklənib, sosial problemlər, iş yerindəki gərginlik, şəhərdəki sıxlıq, ünsiyyət zamanı qeyri -səmimi insanlar demək olar ki, hər kəsi emosional olaraq yükləyir. Sabaha ümid qalmır, robotlaşmış kütlə proqramlaşaraq sürətlə küçələrdə iş dalınca qaçmağa başlayır. Ruhsal ac qalan insanlar kədərli və əsəbi olur. Fiziki olaraq insan hər gün qidalanır, ruhumuzu qidalandıran isə sevgi, qayğı, hörmət hissləri yoxa çıxıb. İnsani duyğular, dəyər yox olan hər bir mühitdə ümidi ölmüş, üzü solmuş insanlar görmək olar”.