BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Paşinyan daxilən əsl despotdur”

Məlum olduğu kimi “Çiçəklənən Ermənistan” partiyasının sədri, “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.

 

Ermənistanda baş verənlərlə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Şahin İsmayılov bildiyib ki, hakimiyyətə gəldiyi andan özünü demokratiya aşiqi elan edən N.Paşinyanın bu cür addımları onun əsl simasını göstərir.

 

Deputat qeyd edib ki, N.Paşinyan siyasətdə naşı, oturduğu kürsünün mahiyyətini başa düşməyən, zahirən demokrat, daxilən isə əsl despotdur: “Özünün bütün siyasi rəqiblərini müxtəlif adlarla sıradan çıxararaq daha uzun müddət hakimiyyətdə qalmağa çalışan bu şəxsin əsl simasını sadə ermənilər artıq başa düşməyə başlayırlar. Təbii ki, bu amili yaxşı başa düşən N.Paşinyan artıq açıq-aşkar güc tətbiqindən də çəkinmir. Sarkisyan klanından bezən erməni cəmiyyəti Paşinyan hakimiyyətini Ermənistan üçün bir çıxış yolu görürdü. Çox qısa vaxt ərzində bunun belə olmadığı və Paşinyanın öz sələflərindən də daha qatı despot olduğu üzə çıxdı. İnsanların gündəlik pozulan hüquqları, hakimiyyət orqanlarının naşılığı, gündən-günə çökən iqtisadiyyat ermənilərin gündəlik həyat tərzinə çevrildi. Hazırda Ermənistan təməl insan haqlarının ən kobud şəkildə pozulduğu ölkələrdən biridir. Bunu yerli hüquq müdafiəçiləri öz hesabatlarında ətraflı şəkildə göstərirlər. Bəs beynəlxalq hüquq müdafiə təşkilatları necə? Əfsuslar olsun ki, müəyyən hallarda Azərbaycanda baş verən kiçik məişət hadisələrini də siyasiləşdirməyə və hüquq pozuntusu kimi təqdim etməyə çalışan bir sıra beynəlxalq təşkilatlar nə üçün Ermənistanda baş verən hadisələrə susurlar və heç bir münasibət göstərmirlər? Biz bu cür münasibəti müxtəlif dövrlərdə görmüşük”.

 

Ş.İsmayılov bildirib ki, İrəvanda 1 mart hadisələri, ölən insanlar və buna beynəlxalq təşkilatların səthi yanaşması və ya 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkiləri bunlara kiçik misallardır: “Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün əsas azadlıqlara əməl edildiyi göstərilib. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq deyib ki, 25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilib və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmayıb. Yenə həmin çıxışında baş nazir bildirib ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.

 

Paşinyanın hansı sxem əsasında hakimiyyətə gəlməsi hər kəsə məlumdur. Görünür onu hakimiyyətə gətirən qüvvələr üçün hələ ki, Paşinyan hakimiyyəti maraqlıdır. Bu səbəbdən insan hüquq və azadlıqlarının kobud şəkildə boğulduğu, demokratiyanın tapdandığı Ermənistandakı proseslərə münasibət bildirilmir. Əslində isə demokratik dəyərləri özü üçün əsas dəyər seçən beynəlxalq təşkilatlar Ermənistandakı proseslərə nəinki çoxdan münasibət bildirməli idi, hətta bu ölkə rəsmiləri üçün sanksiya çağırışları etməli idilər. Burada da ikili standartların şahidi oluruq. Əslində isə Ermənistandakı vəziyyətin normallaşmasının yolu yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir. Hansı siyasi qüvvə bunu nə qədər tez başa düşəcəksə, erməni cəmiyyətinin inkişafı prosesi başlayacaq”.Sherg.az

Tarix: 22 İyun 2020, 21:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin