Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor müavini Əzizə Abdıyevaya qarşı dələduzluq hərəkətlərinin detalları məlum olub. Bu dələduzluq işində bir çox vəzifəli şəxslərin adları çəkilib.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, Ə. Abdıyevaya qarşı dələduzluq edənlər onun həm saxta diplomunu təsdiqlədəcəklərini, həm də çalışdığı məktəbə direktor təyin etdirəcəklərini vəd ediblər.
2004-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili alan Ə.Abdıyeva ifadəsində hadisənin təfərrüatını danışıb.
Bildirib ki, atası Elbəyi Abdıyevin mənzilində təmir briqadasının rəhbəri olmuş Elsevər Usubov onun 10 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyindən xəbərdar olduğu üçün ona direktor imtahanından keçməyi təklif edib.
Qeyd edək ki, bu söhbətlər gedən ərəfədə Ə.Abdıyevanın diplomunun saxta olduğu məlum deyilmiş. Direktor olmaq istəyən Ə.Abdıyeva diplomunun saxta olduğundan xəbər tutub. Bu haqda sosial şəbəkələrdə də məlumat yayılıb.
Ə.Abıyeva ifadəsində başına gələnləri belə danışıb: “Əvvəlcə Elsevər Usubov Hicran adlı tanışının diplomu yoxlatdırdığını, diplomun Təhsil Nazirliyinin portalından çıxarıldığını dedi. Diplomun portala daxil edilməsi və həqiqiliyinin tanınması üçün əvvəlcə 15 min manat pul istədi. Elsevər həmin pulu diplomun əsli ilə birlikdə Höküməyə, Hökümənin isə Hicrana, Hicranın da Təhsil Nazirliyində məsul vəzifələrdə işləyən tanışlarına verəcəyini bildirdi. Elsevər bir müddət sonra əlavə 28 min manat pul istədi”.
İşin həlli ilə bağlı Ə.Abdıyevanı Anar Axundov adlı şəxslə də görüşdürüblər. O, Anar Axundov adlı şəxslə Təhsil Nazirliyinin qarşısında görüşüb. Anar Axundov ona imtahanda iştirak etmək üçün toplamalı olduğu sənədlərin siyahısını təqdim edib. Həmçinin imtahana hazırlaşmağı da məsləhət görüb. Sonra Ə.Abdıyevaya imtahan sualları da verilib ki, hazırlaşsın.
“Hicranın təşəbbüsü ilə Anar və Qismət adlı şəxslə Sumqayıt Regional Təhsil İdarəsinin binasında da görüşmüşük. Orada məlum oldu ki, diplom təsdiqlənməyib. Hicrandan soruşanda həll etməyə çalışdıqlarını dedi.
Məni Faiq adlı şəxslə də görüşdürdülər. Faiqin Təhsil Nazirliyində regional təhsil idarələrinə nəzarət edən şöbənin rəisi Arzu Səlimovun köməkçisi kimi təqdim etdilər. Faiq müəyyən sənədləri hazırlamaqla bağlı siyahı verdi.