"Mövcud qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq məhsullarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur". Bu məlumatı Oxu.Az-a açıqlamasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn verib.
O qeyd edib ki, "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.
"Məlumat üçün bildirək ki, yanacağa dair məcburi tələblər 2023-cü ildə qəbul olunmuş AZS 936:2023 "Daxili yanma mühərrikləri üçün yanacaq. Qurğuşunsuz benzin Texniki şərtlər" və AZS 934:2023 "Dizel yanacağı Avro. Texniki şərtlər" dövlət standartlarında əks olunub.
Standartların tələblərinə əsasən, benzinə dair əsas tələblər distilyasiya, mövcud qatran tərkibi, oktan ədədinin miqdarı, qurğuşun tərkibi və digər fiziki-kimyəvi göstəricilər, dizel yanacağına dair isə sıxlıq, alışma temperaturu, fraksiya tərkibi, setan ədədinin miqdarı və digər fiziki-kimyəvi göstəricilər hesab olunur.
Yanacağın ticarət dövriyyəsi ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən sözügedən standartların tələblərinə əməl edilməlidir. Eyni zamanda yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçülməsində yalnız "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tipi təsdiq edilmiş və yoxlama dövriliyinə uyğun olaraq yoxlamalara cəlb edilmiş ölçmə vasitələrindən istifadəyə yol verilir. Yoxlamanın nəticəsinə əsasən, ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur", - deyə qurum rəsmisi bildirib.