Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Milli Məclisin iyunun 23-də nəzərdə tutulan növbədənkənar plenar iclasının ləğvini elmə əsaslanan düzgün addım olduğunu bəyan edib.
Bununla bağlı Pravda.az-a açıqlama verən azərbaycanlı həkim xatırladıb ki, koronavirusla bağlı hələ bundan əvvəl də Milli Məclis Aparatının əməkdaşları və deputatlar arasında mütəmadi olaraq testlər aparılıb: "Deputat Sahib Alıyevin COVID-19 virusuna yoluxmasından sonra parlamentin bütün deputatlarının və digər əməkdaşlarının hamısının yenidən testdən keçirilməsi elmi tərəfdən düzgün addımdır və koronavirusla mübarizə çərçivəsində həyata keçirilən müasir strategiyaya uyğundur. Bundan əlavə isə müasir mübarizə strategiyasına görə bütün millət vəkilləriylə yanaşı, eləcə də Milli Məclis Aparatının işçiləri testin cavabından asılı olaraq bir həftə və ya daha çox ev şəraitində karantində qalmalıdırlar. Bu, onların özlərinin və ailələrinin sağlamlığı üçün önəmlidir".