Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”. Day.Az-a Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.
"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.