Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
Əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.