“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq komissiya yaradıldı. Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından əyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.
Jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Nazir qeyd edib: “Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.
Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.