Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hərbçisi Nurlan Botaqarin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra insanların xilas edilməsinin təfərrüatlarını bölüşüb.
Aviasiya bazası Aktauda yerləşir. 30153 saylı hərbi hissənin müqaviləli xidmətdə olan hərbçisi Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olub.
Hərbçinin sözlərinə görə, təyyarənin düşdüyünü görən kimi zərərçəkənlərə kömək etmək üçün dərhal qəza yerinə gedib.
"Təyyarənin qəribə şəkildə uçduğunu görəndə başa düşdüm ki, nasazlıq var. Təyyarə yerə düşəndə dərhal maşına minib qəza yerinə getdim. Əvvəlcə düşündüm ki, bu, içərisində təxminən 10 nəfərin olduğu kiçik təyyarədir. Amma məlum oldu ki, insanların sayı daha çoxdur. Mən sarsılmışdım", - Botaqarin bildirib.
Hərbçinin sözlərinə görə, o, təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başlayıb.
"İnsanları çıxarmağa çalışarkən gördüm ki, xilasedicilər və təcili yardım köməyə gəlib. Onlar yanğını söndürməyə və insanları təxliyə etməyə başladılar. Hesab edirəm ki, əlimdən gələni etmişəm", - o bildirib.