Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarından bəlli olub ki, ali təhsili olan Martin Ryan Fransada Monpelye 3 Universitetini “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə bitirib.
O, Azərbaycanda sahibkarlıqla məşğul olub və ölkəyə şərab idxal edib.
Martin Ryan Fransa vətəndaşı olduğu üçün prosessual qaydaya uyğun olaraq tərcüməçi ilə təmin olunub.
Eyni zamanda, təqsirləndirilən Martin Ryanın vəkili bildirib ki, müvəkkili iki ölkə vətəndaşıdır:
“Müvəkkilim Fransa vətəndaşı olmaqla yanaşı, həm də Böyük Britaniyanın vətəndaşıdır. Məhkəmənin qapalı keçirilməsinə heç bir lüzum yoxdur. Belə ki, məhkəmə proseslərində səfirlik nümayəndələri iştirak edir. Qapalı olan zaman onlar iştirak edə bilməyəcək. Həmçinin qoy səfirlik nümayəndələri görsünlər ki, Azərbaycanın məhkəmə zallarında məhkəmə prosesləri necə şəffaf formada keçirilir”.
Təqsirləndirilən Azad Məmmədlinin vəkili bildirib ki, müvəkkili ali təhsillidir və Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirib:
“2019-2023-cü illərdə Azərbaycan Beynəlxalq Bankında hüquqşünas kimi çalışıb. 2023-cü ildə İngiltərəyə gedib və orada 2 ay yaşayıb. Azərbaycana geri döndükdən sonra saxlanılıb”.
Təqsirləndirilən Azad Məmmədlinin vəkili müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb.