İlin sonunda Şəkidəki meşəlik ərazini məhv etmə ittihamı ilə həbs edilərək bir neçə gün sonra 8 milyonluq ziyanı ödəyib azadlığa çıxan “AQA” Şirkətlər Qrupunun vitse-prezidenti Qafar Dəmirçi bu hadisədən sonra ilk dəfə paylaşım edib.
“Plazalar kralı” kimi tanınan Dəmirçi ilin sonunun ağır sınaqlarla yadda qaldığını yazıb.
“İlin sonu həm özüm, həm də ailəm üçün çətin sınaqlarla yadda qaldı. Ölkəmiz üçün də həssas bir dönəm oldu. Bu hadisələr bizə bir daha göstərdi ki, həmrəylik və birlik ən böyük gücdür. Kim dostdur, kim dost deyil, bunu açıq şəkildə gördük. Çətinliklər həm də güclü tərəfimizi ortaya çıxardı və ədalət uğrunda mübarizənin nə qədər vacib olduğunu bir daha xatırlatdı”, - Dəmirçi paylaşımında vurğulayıb.
Qeyd edək ki, ötən ilin sonunda Qafar Dəmirçi və şirkətinin işçiləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.