Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib. Uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast 91 yaşında dünyasını dəyişib.
1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan keçmiş federasiya rəhbəri idmana uşaq yaşlarından maraq göstərib. O, erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. Yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olan SSRİ idman ustası, Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.