Yanvarın 4-də Xətai rayonunda bir qrup idmançının xuliqanlıq əməli törətməsi barədə məlumat vermişdik. Bu barədə Daxili İşlər Nazirliyi də rəsmi məlumat verərək saxlanılanların olduğunu açıqlamışdı.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov və Ramal Aslanovun saxlanıldığı bildirildi.
Bundan sonra sosial şəbəkələrdə və mətbuatda idmançıların fotoları paylaşıldı. Həmin idmançılardan biri olan Elçin Hüseynovun əvəzinə başqa bir Elçin Hüseynovun fotoları dərc edildi.
Fotoları yayılan Elçin Hüseynov açıqlama verərək həmin davada iştirak etmədiyini bildirib. Ad və soy ad uyğunluğu olsa da fotolarının sosial şəbəkələrdə yayılmasına etiraz edib. Onu da bildirib ki, hadisəyə gec reaksiya verməsinin səbəbi yatması olub. Onu yuxudan oyadandan sonra bu hadisədən xəbər tutub, həm də fotolarını sosial şəbəkələrdə və saytlarda görüb.