“Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır. Bütün dünyanı sürətlə çənginə alan koronavirusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlayıb, müvafiq strukturları COVİD-19-un geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq kimi vəzifələrə ciddi şəkildə yanaşmağa səsləyib”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olub: “Dövlətin koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşın sağlamlığını qorumaq üçün həyata keçirdiyi tədbirlər müsbət nəticələr verdi. Bu, statistik göstəricilərdə də öz əksini tapdı. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlanıldı. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyuldu. Əhalinin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi, həmin tövsiyələrə və tələblərə riayət etdi.