Lənkəranın icra başçısının adı qalmaqallı cinayət işində çəkilib.
Onun adını çəkən isə işçisi, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar işləmiş Elgün Abdullayev olub.
Hazırda həbsdə olan Elgün Abdullayev iki dəfə ayrı-ayrı cinayət əməlinə görə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəməsində məlum olub ki, Lənkəranda qanunsuz inşa edilən 7 mərtəbəli binanın tikintisinə görə qeyri-rəsmi icazəni icra başçısı Taleh Qaraşov verib. Bunu Elgün Abdullayev özü təsdiq edib. Lakin sonra necə olubsa, E.Abdullayev bu sözlərini inkar edib.
Musavat.com xəbər verir ki, 2022-ci ildə həbs edilən Elgün Abdullayev əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, vətəndaşlardan qanunsuz tikililərə şərait yaratmaqla rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi.
Elgün Abdullayev həbsdə olan zaman onun daha bir cinayət əməli üzə çıxıb. Həmin cinayətə görə başqa-başqa şəxslər də məsuliyyətə cəlb edilib, onlar arasında həbs edilənlər də var.
Əldə etdiyimiz məlumata görə, E.Abdullayev yaxın münasibətdə olduğu tanışı Hikmət Abbasova 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün şərait yaradıb. Tikintinin aparılacağı torpaq sahəsi Hünər Hadızadə adlı iş adamına məxsus olub. Amma Hikmət Abbasov və Hünər Hadızadə qeyd edilən torpaq sahəsində razılaşdırıldığı kimi 3 mərtəbəli yox, 7 mərtəbəli bina inşa ediblər.
İstintaq belə qənaətə gəlib ki, Elgün Abdullayev əvvəlcədən inşa ediləcək binanın 3 yox, 7 mərtəbəli olacağını bilirmiş. Məqsəd də çoxmənzilli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olub. Onlar layihəni şəhərsalmaya təqdim etməyərək qanunsuz olaraq tikintiyə başlayıblar. Tikinti davam edən ərəfədə müvafiq qurumların xəbərdarlığına baxmayaraq, işlərini davam etdirərək layihəni başa çatdırıblar.
Elgün Abdullayev bu işdə özünü qismən təqsirli bilib. Deyib ki, Hikmət Abbasovdan inşa etmək istədikləri fərdi yaşayış evinin eskizini qəbul edib. Həmin eskizdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təsdiq olunması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli imiş. Lakin rəyi poçt vasitəsilə şəhərsalmaya göndərməyib, Hikmət Abbasovun özünə verib:
“Bəzən şəhərsalmaya göndərilən layihələr poçtda itirdi. Həm də vaxt itkisi var idi, xahiş etdi, ona görə də sənədi ona verdim. Belə hallar sadəcə 1-2 dəfə təkrarlanıb”.
Səhvinin bundan ibarət olduğunu deyən Elgün Abdullayev bildirib ki, Hikmət Abbasova etibarlı adam kimi güvənib. Amma H.Abbasov layihəni şəhərsalmaya aparıb orada təsdiq etdirməyib və tikintiyə başlayıb. Ona da bu barədə məlumat verməyib.
Elgün Abdullayev qeyd edib ki, bu qanunsuzluğu görəndən sonra Hikmət Abbasovdan tikintinin dayandırılmasını tələb edib. Amma onun tələbinə əməl edən olmayıb.