Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır. Bunu 2016-cı ilin 4 günlük Aprel savaşı da göstərdi. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi. Bu kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, Müdafiə naziri istefaya göndərildi.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev qeyd edib ki, MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Bu da düşmən ölkəni çox qorxudur. Müdafiə naziri Zakir Həsənov son müsahibəsində açıq dedi ki, növbəti müharibədə Ermənistan ordusunun itkiləri daha çox olacaq. İşğalçı dövlətin ordusu məğlubiyyətə düçardır. Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq edir. Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif təlimlərdə iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bundan başqa Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hərbi sahəyə də sirayət edib. İl ərzində qardaş dövlətlə birgə keçirilən hərbi təlimlər də buna sübutdur.