Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. Prosessual qaydalara uyğun olaraq, təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.
Təqsirləndirilən Oleq Krapivin milliyyətinin rus olduğunu, lakin azərbaycanlı olduğunu bildirib: “Mən bakılıyam, Azərbaycanca sərbəst anlayıram və oxuyuram. Tərcüməçiyə ehtiyacım yoxdur”.
Konstantin Kuçerin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb: “Banklarda, zərərçəkmiş şəxslər arasında bağlanılmış müqavilələr araşdırılsın. Müstəqil auditor cəlb olunsun və cinayət işində onun rəyi nəzərə alınsın”.
Bununla yanaşı, bildirilib ki, zərərçəkmişin köynəyində qana bənzər ləkələr olub, amma o ləkədən götürülən nümunələrə cavab yoxdur. Təklif olunub ki, sözügedən ləkədən bioloji nümunə götürülərək ekspertizaya verilsin.
Oleq Krapivinin vəkili Xeyransa Babayeva cinayət işinin ayrı-ayrılıqda icraata verilməsini istəyib: “Onlar eyni maddələr üzrə ittiham olunsalar da, Konstantin dələduzluqda da təqsirli bilinir. Həmçinin cinayət işi az ağır cinayətlər kateqoriyasına daxildir. Müvəkkilim barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edirəm”.
Proesdə məlum olub ki, Konstantin Antonoviç Kuçer 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.
O, İspaniyada qaçaqmalçılıqla təqsirli bilinib və beynəlxalq axtarışa verilib.