Bakıda sahibkara çoxmənzilli yaşayış binasının tikintisinə köməklik edəcəyinə söz verərək ona qarşı dələduzluq edən şəxsin cinayət işinin bəzi detalları məlum olub.
Təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında "Azland Residence" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.
O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.
"Alliance Plaza"dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.