Təxminən 1 ay öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) vəzifəli şəxslərinə qarşı xüsusi əməliyyat keçirdilər. DSX-nin rəis müavini general-leytenant Əfqan Vəli oğlu Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanıldılar. Həmin vaxt DSX komandanı general Elçin Quliyevin də tezliklə işdən çıxarılacağı haqda xəbərlər dolaşa da, o, işində qalır. DSX vəzifəliləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq davam etdirilir.
Elçin Quliyevə bağlı ajiotaj səngiyən ərəfədə ona, belə demək mümkünsə, “kosmosdan hücum” baş verib, generalla bağlı sensasion iddialar yayılıb. Belə ki, xaricdə yaşayan bloger Həbib Müntəzir Novxanı kəndində yerləşən böyük bir obyektin peyk görüntüsünü yayımlayıb və bir sıra yerli media orqanları da bunu manşet xəbəri ediblər. Müəllif qeyd edir ki, bu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə məxsus villadır. Obyektin fərqli xüsusiyyəti orada böyük süni gölün yerləşməsidir, hansı ki, sahil xətti Xəzər dənizinin xəritəsinin konturlarını təkrarlayır. Sahəsi, müxtəlif hesablamalara görə, 200 hektara çatan obyektin miqyası həqiqətən heyrətamizdir.
Virtualaz.org şərh üçün Novxanı kənd icra nümayəndəliyinə müraciət edib. İcra nümayəndəliyindən bildiriblər ki, xəritədə göstərilən ərazi dövlət əhəmiyyətli strateji bir obyektdir. Və onun general-polkovnik Elçin Quliyevə heç bir aidiyyəti yoxdur. Bu dövlət obyektində iki helikopter meydançası, avtomobil dayanacağı üçün böyük bir kompleks və ofis binası var. Sayt onu da dəqiqləşdirib ki, Novxanı qəsəbəsində, minlərlə vətəndaş kimi, Elçin Quliyevin də bağ sahəsi var. Lakin göstərilən strateji obyekt dövlətə məxsusdur.
Ümumiyyətlə, Elçin Quliyev zaman-zaman hədəfə alınan generallardandır. Məsələn, 2011-ci ildə mətbuatda Elçin Quliyevin rəhbərlik etdiyi quruma dövlət büdcəsi hesabına 107 milyon manat (o vaxtkı məzənnə ilə 135 milyon dollar) investisiya yatırılması və vəsaitlərin 101 milyon manatının xidmətin obyektlərinin təmir-tikintisinə xərclənməsindən söhbət açılırdı. Təmir-tikinti layihələrində mal və xidmətlərin şişirdilməsi, tenderlərin keçirilməsində qanun pozuntuları barədə məlumatların olduğu iddia edilirdi. Qeyd olunurdu ki, maliyyə auditorları maliyyə axınlarının durumunu araşdırmaqla məşğuldurlar. Paralel olaraq araşdırıcı komissiyanın tərkibinə daxil olan hərbi ekspertlərin Sərhəd Xidmətinin texniki vəziyyətini və sərhədin mühafizəsi ilə bağlı problemləri araşdırmaqla məşğul olmaları bildirilirdi. O dövrdə “Yeni Müsavat”a danışan mənbə qeyd etmişdi ki, yoxlama qəfil keçirilir, hansı səbəbdən başlandığı bilinmir.
Sitat: “Bu, siyasi qərar da ola bilər. Adətən ənənəvi yoxlamalardan öncə xəbərdarlıq edilir. Bu dəfə isə heç bir xəbərdarlıq edilməyib. Ancaq dövlət başçısı xidmətin rəisi Elçin Quliyevə həmişə etimad göstərdiyindən siyasi qərarın verilməsini də birmənalı söyləmək olmaz”.