İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
Vəkil işin baxışa verilməməsini və prokurorluğa qaytarılmasını istəyib. Bildirib ki, istintaqda pozuntulara yol verilib: “İstintaq zamanı Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulub. Cinayət işi nömrələnməyib, müvəkkilim işlə tanış edilməyib. Bu, pozuntudur. İşin yenidən prokurorluğa qaytarılmasını xahiş edirəm”.
Dövlət ittihamçısı isə bildirib ki, sadalanan nüanslar işin prokurorluğa qaytarılması üçün əsas deyil. Prokuror cinayət işinin baxışa verilməsini təklif edib.
Məhkəmə vəsatəti təmin etməyib.