Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.
Pravda.az xəbər verir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2.000 ABŞ dolları məbləğində avans təqdim edilib.