Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfovun cinayət işinin detalları məlum olub.
1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu, 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın münasibətlərindən şübhələnib.
O, bu məqsədlə Günay Ələkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirir.
M.Nəcəfov sevgilisindən tələb edib ki, o, Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib.
Mustafa ötən ilin iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli "Cherry Arrizo 7" markalı avtomobildə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib.
Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlir.