Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonu ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması qaldığı yerdən davam edib. "Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda xanımların əməlindən zərərçəkənlər dindirilib.
Zərərçəkmişlərdən biri bu cinayətə görə həyat yoldaşını itirdiyini deyən Kamil Əhmədovdur. Kamilin həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkib. Onu hazırda təqsirləndirilənlərlə Mərkəzi Gömrük Hospitalının həkimi Mir Cəlal Kazımi tanış edib:
"Mir Cəlal həkim ilk müayinədən sonra yoldaşımın sirrozdan əziyyət çəkdiyini dedi. Bir müddət sonra əlavə xəstəliklər ortaya çıxdı. İlk dəfə Mir Cəlal həkim həyat yoldaşımı bağırsaqdan əməliyyat etdi. Üstündən bir müddət keçəndən sonra zəng elədi ki, bəs, təcili qaraciyər köçürülməsi olmalıdır. Bunun üçün də donoru biz tapmaq şərti ilə 46 min manat lazımdır. Guya bizə köməklik üçün bir nəfər xeyriyyəçini təklif etdi. Aysel Məmmədovanın nömrəsini verdi. Aysellə ilk danışığımız çox ümidverici oldu. Dedi ki, 23 min manat siz verirsiniz, qalan 23 minini də biz qarşılayırıq. Mən də dərhal həmin pulu verdim".
Kamilin sözlərinə görə, pulu verəndən sonra iş uzanmağa başlayıb. Hər dəfə müxtəlif bəhanələrlə əməliyyat yubadılıb: "Bunlardan bir nəticə əldə edə bilmədiyimizi görüb evimi sataraq pulu düz-qoş elədim. Həmin pulla Mir Cəlal həkim həyat yoldaşımı əməliyyat elədi. Amma bir neçə gün sonra yoldaşım elə xəstəxanada vəfat etdi.