Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib.
Pravda.az "Unikal"a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.
İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib:
"Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orada dedi ki, hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat idi. Onun 30 min manatı bizə çatmalı idi. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət etdilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələndikdən sonra həmin biznesi mən davam etdirdim".
Daha sonra Talehin istintaqda verdiyi ilkin ifadəsi elan olunub.