Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib. Yəni məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər işləri bələdiyyələr həyata keçirir.
Bu, Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda öz əksini tapıb.
Dəfnlə bağlı bir çox məqamların yer aldığı qaydada qəbir yerlərinin ayrılması və dəfnin təşkili məsələsi də vurğulanıb. Hazırda ölən şəxsin yaxınları meyiti dəfn etmək üçün müəyyən məbləğə qəbir yeri aldığını deyirlər. Yəni ölən şəxsin yaxınlarına məzar üçün yer ərazidən asılı olaraq müxtəlif qiymətə təklif olunur. Hətta təklif edilən məbləğ bir evin qiymətinə qədər gedib çıxır.
Azərbaycanda qəbir yeri pulsuzdur
Lakin yuxarıda qeyd etdiyimiz qaydada qəbir yerlərinin pulsuz ayrıldığı yazılıb. Belə ki, qaydanın 17 -ci bəndində qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Lakin dəfnlə bağlı təklif edilən xidmətlər üçünsə müəyyən məbləğ nəzərdə tutulub. Qanun deyir ki, qəbiristanlıq müdiriyyəti tərəfindən ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmayıbsa, onun yuyulması, tabut və nəqliyyatla təmini, qəbir yerinin qazılması, dəfn zamanı dini ayinlərin icrası, ad, soyad, ata adından ibarət lövhənin hazırlanması və digər xidmətlər təklif olunur. Bu xidmətlər ödənişlidir. Lakin bu xidmətlərin ümumi dəyəri "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.
Dəfn üçün nə qədər pul ayrılır?