Məlum olduğu kimi, Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının kartından 80 507 manat pul çəkilib. Hadisə ilə bağlı artıq cinayət işi açılıb.
"Əgər pulun köçürülməsi yerli bank kartlarına olubsa, düşünürəm ki, artıq cinayətkar hansısa polis bölməsinə gətirilib. Xatırladıram ki, ötən il DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və ölkənin bütün bankları arasında bir anlaşma imzalanıb". Musavat.com bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
Ekspert qeyd edib ki, bu anlaşmaya görə, Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur:
"Lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kriptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə biləcək. Əgər bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yolu ilə vəsaiti geri çağırmaq mümkün ola bilər.
Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İNTERPOL, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir.
Əgər cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdırmalar daha da çətinləşir.
Bildiyim qədər, son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər.