Korrupsiya cinayətlərində təqsirli bilinərək şərti məhkum edilmiş Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun hökmü 12 il sonra dəyişdirilib. Pravda.az Qafqazinfo-ya istinadən məlumatına görə, cəzalandıqdan 2 il sonra vəfat edən O. Kərimovun hökmündə qanun pozuntuları üzə çıxıb.
Sözügedən pozuntular hökmün xüsusi müsadirə hissəsinə aiddir.
Belə ki, Orxan Kərimova 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma cinayətlərində təqsirli bilinib. O. Kərimov həmin vaxt şərti məhkum edilməklə azadlıqda qala bilib.
Bəhs edilən hökmə əsasən, təqsirləndirilən şəxsin faktiki yaşadığı evdən (qayınanasının adına rəsmiləşdirilmiş - red.) götürülmüş 97 min 100 avro və 67 min 500 manat məbləğində pullar dövlət nəfinə müsadirə edilib.
Orxan Kərimov hələ məhkəmə istintaqı vaxtı ifadəsində demişdi ki, evdən götürülən pullar qayınanası və qayınatasına məxsusdur. Onlar eyni evdə, fərqli mənzillərdə yaşayırlar.
Məhkum Kərimovun vəfatından sonra qayınanası Fədayə Qayıbova müsadirə edilən pullar üçün məhkəmə çəkişmələri başladıb. Ən sonda Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini əsaslı hesab edib.
Amma o, mübarizəsinin yekununu görə bilməyib. Belə ki, Fədayə Qayıbova Avropa Məhkəməsinin xeyrinə çıxardığı qərardan sonra vəfat edib.
Azərbaycandakı sonrakı məhkəmələrdə onu nümayəndəsi təmsil edib.