Külli miqdarda dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirləndirilən, əvvəllər məhkum olunan Rufan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Pravda.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində tanınan Tural Zeynalov ifadə verib.
Məlum olub ki, Rufan Qasımov ona saxta etibarnamə ilə bahalı mobil nömrələr satıb:
"16 min manat verib iki ədəd "211" ilə başlayan "Azercell" nömrə almışam. Pulu yaxınlarım olan İlkin və Soltan adlı şəxslərlə göndərmişəm. Hər nömrəyə görə 500 manat da dövlətə rüsum keçirmişəm. Sonra hərəsini 11 min manata başqa şəxslərə satmışam. Bir müddətdən sonra məlum olub ki, mənə satılan mobil nömrələrin etibarnaməsi saxtadır. Etibarnamələr 6 saylı cəzaçəkmə müəssisəsindən Tahir Səfərəliyev adlı şəxsin adına verilib. Mən dəymiş ziyanı tələb edirəm".
Məhkəmədə təqsirləndirilən şəxs Rufan Qasımov bir çox şəxslərə saxta etibarnamə ilə bahalı mobil nömrələr satdığını etiraf edib:
"Xaçmazın prokuroruna da saxta sənədlə nömrə satmışam. Anam onkoloji xəstə idi, 21 gündən bir doqquz min manat xəstəliyinə pul lazım olurdu, haradan tapardım o qədər pulu?"