Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs - Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
Pravda.az "Unikal"a istinadla xəbər verir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib:
"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən, niyə boynuna almırsan? Uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".
Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki, bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orada da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm, gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".
Yaşar Abbasovun zalda olan bibisi qızı isə İpək Əhmədovanı ittiham edib: "Sən Yaşara narkotik satıb tanış olmusan".
Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəsatəti təmin edib.
Vəkil Yaşarın necə işgəncə verməsini soruşub.