2016-cı il aprelin 11-də naməlum şəxs Binəqədi rayonunun Cavadxan küçəsində Bərdə rayon sakini Hüseyn Qasımova odlu silahdan atəş açaraq onu yaralayıb. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, atılan güllələr küçədə parklanmış vətəndaş Xəzər Cəfərzadəyə məxsus "Niva" markalı avtomobilin arxa yan şüşəsinə və arxa təkərinə, eləcə də "Akademik Zərifə Əliyeva" adına Milli Oftalmologiya Mərkəzində 2 nömrəli mühafizə postunun pəncərəsinə dəyib.
Bundan 2 gün sonra Daxili İşlər Nazirliyi məlumat yayıb ki, aprelin 11-də sözügedən cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun kirayədə yaşadığı evdən "Kalaşnikov" konstruksiyalı avtomat və 22 ədəd güllə aşkar edilərək götürülüb. Zərərçəkmiş şəxs bildirib ki, tanışı Günel Süleymanovanın ona 35 min manat pul borcu olub, məhz bu səbəbdən qadın Ramil Hüseynliyə onu öldürməyi sifariş verib.
Toplanmış ilkin material polis idarəsindən rayon prokurorluğuna göndərilib. Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
1983-cü il təvəllüdlü Ramil Hüseynli 2003-cü ildə Ağır Cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin hökmü ilə CM-nin 144-cü (adam oğurluğu), 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) və 334.ci (fərarilik) maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum olunub.
Günel Süleymanova 1983-cü ildə Göyçay şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Rasim Süleymanov 1952-ci ildə Göyçay şəhərində anadan olub, o da əvvəllər məhkum olunmayıb. Ramin Həsənov 1979-cu ildə Bakı şəhərində anadan olub, 2013-cü ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Əlikubar Kubarov 1967-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Pravda.az Lent.az-a istinadla cinayət hadisəsinin istintaq materiallarını təqdim edir.
İstintaqla müəyyən edilib ki, Ramil Hüseynli dostu Ramin Həsənov və istintaqa məlum olmayan digər şəxslərlə birlikdə 2016-cı il martın 6-ı gecə saat 3 radələrində Nəsimi rayonu, 3-cü mikrorayonda fəaliyyət göstərən "AC klub" çay evində əsaslı səbəb olmadan, spirtli içkinin baha qiymətə verilməsini bəhanə edib, obyektin müdiri Füzuli Alıyevlə mübahisə edib. Ünvanına nalayiq ifadələr işlədib, iş otağına daxil olaraq, həmin şəxsi döyüblər. Otaqda 4500 manat dəyərində olan avadanlığı döşəmə üzərinə çırparaq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurublar. Habelə, obyektin normal fəaliyyətini pozmaqla, qərəzli xuliqanlıq hərəkətləri ediblər.
Həmin il martın 19-dan 20-nə keçən gecə Ramil Hüseynli tanışı Əlikubar Kubarov və digər şəxslərlə, qrup halında Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən "Güneş" adlı kafedə, xəzinədar işləyən Azər Tağıyevi döyüblər, masaları və stulları sındırıblar. Əlikubar Kubarov silah qismində istəfadə etdiyi bıçaqla kafedə müğənni kimi çalışan Şəhla Bayramovaya yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Bundan başqa, Günel Süleymanova tanışı Hüseyn Qasımova, onun həbs olunmuş oğlu Orxan Xəlillinin cinayət məsuliyyətindən azad edilməsində və istintaq təcridxanasından azadlığa buraxılmasında köməklik edəcəyini bildirib. Bu adla, 2015-ci ilin sentyabr ayından 2016-cı il martın 14-nə kimi olan müddət ərzində qadın atası Rasim Süleymanovla birlikdə Qasımovdan vahid niyyətlə ümumilikdə 33.500 manat pul vəsaitini alıblar və bununla da, zərərçəkmişə qarşı dələduzluq ediblər.
Ramil Hüseynli tanışı Günel Süleymanova tərəfindən vətəndaş Hüseyn Qasımova qarşı törətdiyi dələduzluq cinayətini tamah niyyəti ilə gizlətməkdən ötrü 40.000 manat müqabilində Qasımovun qətlə yetirilməsi sifarişini qadından qəbul edib. Bu məqsədlə, aprelin 9-da Günel Süleymanovadan ilkin olaraq 1200 manat və 140 dollar məbləğində pul vəsaiti alaraq, istintaqa məlum olmayan mənbədən "Kalaşnikov" konstruksiyalı avtomat və 35 ədəd patron əldə edib. Aprelin 10-u saat 20-də metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında görüşəndən sonra, qadınla birlikdə 9-cu mikrorayona, Cavadxan küçəsindəki 3 nömrəli binanın yanına gəlib. Öldürməli olduğu şəxsin blokdan küçəyə çıxış istiqamətini dəqiqləşdirib. Cinayətin törədilməsini ayın 11-i səhər saat 5 radələrinə planlaşdırıblar. Razılaşdıqları kimi, Günel Süleymanova Gəncə şəhərinə getmək bəhanəsi ilə Hüseyn Qasımova zəng edib, idarə etdiyi avtomobillə artıq binanın qarşısında dayanıb, onu gözlədiyini bildirib. Qasımov binadan çıxıb, maşına tərəf hərəkət edərkən, ərzaq mağazasının arxasında pusquda dayanmış Ramil Hüseynli odlu silahdan atəşlər açıb. Sağ ayağından yaralanan Hüseyn Qasımov xilas olunmaqdan ötrü şam ağaclarının arxasında gizləndiyindən o, iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyib.
İş üzrə dindirilmiş Ramil Hüseynli bildirib ki, martın 19-u saat 23 radələrində qonşusu Əlikubar Kubarovla birlikdə canlı musiqiyə qulaq asmaq üçün taksi ilə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən kafeyə gedib. 2-ci mərtəbəyə qalxaraq zala daxil olublar:
"İşçilərdən biri bizə sağ tərəfdə əyləşməyimizi təklif etdi. Bir azdan müştərilər arasında dava düşdü, hər ikimiz ayağa qalxıb onları ayırmağa çalışdıq. Bu zaman kafenin işçisi məni söydüyü üçün onu bir dəfə yumruqla vurdum. Dostum Əlikubar da söyüş söyən müğənninin üzünə yumruqla zərbə vurdu. Qız sakitləşmədiyinə görə, saçlarından tutub söyüş söyməməsini tələb etdi. Mən də əsəbiləşərək, stulları götürüb musiqiçiyə tərəfə atdım. Orada olan tanımadığım şəxslər bizi sakitləşdirib kafedən çölə çıxardılar. Taksi ilə yaşadığımız məhəlləyə qayıtdıq və sağollaşaraq hər birimiz öz evimizə getdik".
Aprelin 9-u saat 15 radələrində həbsxanada tanış olduğu Sahib adlı şəxs ona zəng vurub, görüşmək istədiyini deyib:
"Çayxanada Sahib bildirdi ki, Günel adlı tanışı var, həmin qadını bir nəfər zorlayıb və videogörüntülərini çəkib. İndi də həmin şəxs qadını şantaj edir. Bundan əlavə Sahib deyib ki, Günel pullu qadındır və məsələni ətraflı özü danışacaq. Sahibin maşınına əyləşib, 4-cü mikrorayon dairəsinə gedən yolun kənarına gəldik. Orada avtomobildən düşüb Günelin idarə etdiyi qara rəngli maşına oturduq. Günel sükan arxasında, yanında sonradan adının Sabina olduğunu bildiyim qız əyləşmişdi. Günel bizə danışdı ki, Bərdədən olan Hüseyn adlı bir kişinin övladının məhkəmədə olan işini həll edib. Bunun qarşılığında Hüseyn ona 35.000 manat verəcəyini vəd etsə də, onu aldadıb. Pul vermək bəhanəsi ilə "Salyanski kazarma" deyilən əraziyə aparıb öz maşınında onu zorlayıb və bunu telefonuna çəkib. Hazırda da şantaj edərək, əgər pulu istəsə, həmin videonu ailə üzvlərinə göstərəcəyini bildirib. Günel məndən xahiş etdi ki, Hüseyni qorxudum və döyüm. Özümü Yusif kimi təqdim etdim. Günelə, görüşüb ətraflı söhbət etməli olduğumu söyləyərək, telefon nömrəsini götürdüm. Aprelin 10-da zəngləşib Günellə günorta 9-cu mikrorayonda görüşərək "Manqal" adlı restorana getdik. Qadın yenə də həmin məsələni mənə danışaraq Hüseyni "cəzalandırmağımı" xahiş etdi. Günelə dedim ki, dediyi adamı silahla atəş açıb, qorxudacağam. Qadın da mənimlə razılaşdı.
Ona bu işi ən aşağısı 40.000 manata görəcəyimi bildirdim. Günel 20.000 manatı sabah çatdıracağını, qalan hissəsini isə mayın 10-nadək verəcəyini dedi. Günel mənə bildirdi ki, narahat olmayım, çünki hamı bu məsələdə Hüseynlə düşmənçiliyi olan Xaləddin adlı şəxsdən şübhələnəcək. Çünki Hüseynin oğlu Xaləddinin oğlunu maşınla vurub öldürüb və hazırda onların düşmənçiliyi var. Pul almaq məqsədilə qadına yalandan silahım olmadığını söylədim. Halbuki evimdə odlu silahım vardı. Onu 2015-ci ilin dekabr ayında Rusiyanın Astraxan şəhərindən almışdım. Evdə silah saxlamağımı heç kim bilmirdi. Axşam Günel avtomat almaq üçün mənə 1.200 manat pul verdi. Məni Cavadxan küçəsində, xəstəxananın yanında yerləşən binanın qarşısına apardı və Hüseynin orada yaşadığını dedi. Onun sözlərinə görə, aprelin 11-i səhər saat 5-də Hüseyn binadan çıxıb, onun avtomobilinə oturacaq və birlikdə Gəncə şəhərinə gedəcəklər. Bundan sonra ayrıldıq. Evə gedib hazırlıq işləri görməyə başladım. Avtomatı divanın altında saxladığım yerdən götürdüm və görünməyən sellofan torbaya qoydum. Piyada Hüseynin yaşadığı binanın qarşısına getdim. Yaxınlıqda yerləşən mağazanın yanında dayanıb gözlədim. Səhər saat 5 radələrində Hüseyn evdən çıxdı, telefonla danışırdı. Günel maşının içərisində blokun yanında dayanmışdı.